HƏKİMLƏRİMİZDƏN

Şəkərli diabet

Şəkərli diabet xəstəliyi (Diabetes Mellitus)--- əsrimizin epidemiyasıdır.           
Şəkərli diabet xəstəliyi haqqında ümumi məlumat: Statistik məlumatlara görə dünyada 200 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bunlara hər il təxminən daha 7 milyon adamın əlavə olunduğu hesab edilir. Respublikamızda isə rəsmi statistikaya gorə 110 min şəkərli diabet xəstəsi olduğu qeyd olunur. Diabet xəstəsi ikən xəstəliyini bilməyən hələ nə qədər insan var. Buradan problemin nə qədər aktual olduğu, onun böyük tibbi-sosial əhəmiyyət kəsb etdiyi məlum olur.
Şəkərli diabet və ya  şəkər xəstəliyi, mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmamazlığı yaxud qeyri kafi miqdarda olması və ya təsirinin qeyri kafi olması nəticəsində yaranan xroniki hiperqlikemiya vəziyyəti ilə əlaqədar zülal, yağ və karbohidrat mübadiləsinin pozulmasıyla müşayiət olunan polietioloji metabolik xəstəliklər qrupudur. Diabet xəstəliyi diaqnozdan sonra həyat boyu davam edən bir xəstəlikdir. İnsulin qeyri kafi və ya təsirsiz olduqda, qidalarla əldə etdiyimiz glükoza hüceyrələrə girə bilmir. Buna görə də qanda şəkərin miqdarı artır, hiperqlikemik vəziyyət yaranır. Xroniki hiperqlikemiya orqanizm üçün zərərlidir və bir çox orqanın, xüsusən hədəf orqanlar dediyimiz ürək-damar sistemi, böyrəklər və görmə üzvünün funksiyasının pozulmasına gətirib çıxarır. Tibbi praktikada xəstəliyi etiologiyası, yəni əmələgəlmə səbəbləri bir çox amillərdən asılıdır:daha çox irsi meyillilik ön plandadır, xüsusən insulindən asılı tiplərdə. Bundan başqa, stress, uzun müddətli əsəb sinir gərginliyi,oturaq həyat tərzi, artıq çəki və karbohidratlarla zəngin qidalanma,yaş və s. Diabetin başlıca iki tipi vardır; I Tip,yəni insulindən asılı diabet--ümumiyyətlə insulin hormonun istehsal edilə bilməməsi ilə əlaqədar inkişaf edir. Əsasən uşaq və gənc yaşlarda başlayan,çox ciddi nəzarət tələb edən və daimi insulin müalicəsi verilən tipdir . II Tip,yəni insulindən asılı olmayan diabet-- mədəaltı vəzdə  insulin istehsalı olduğu halda, kafi istehsalın olmadığı ya da bədənin insulini kafi dərəcədə istifadə edə bilmədiyi-insulinorezistentlik hallarında ortaya çıxır. II Tip diabet daha çox 40 yaşdan yuxarı və bədən çəkisi çox olan şəxslərdə qeyd olunur. Bunlardan başqa, bir də hamiləlik əsnasında yaranan keçici diabet meydana gələ bilər (gestasion diabet). Ancaq bunların bir qismində sonralar II Tip diabet inkişaf edir.Bundan başqa diabetin pozulmuş aclıq glükoza(İFG-impaired fasting glucose),pozulmuş qlükoza toleransı(İGT-impaired glucose tolerance)kimi prediabetik və MODY(Maturity onset diabetes of young--gənc yaşların diabeti ) latent(gizli) gedişli tipləri də var.
Diabetin əlamətləri:
·         Susuzluq hissi və ağız quruması
·         Tez-tez sidiyə çıxma
·         Yorğunluq, halsızlıq hissi
·         İştahanın artması
·         Səbəbi bilinməyən çəki itkisi
·         Bulanıq görmə
·         Daimi aclıq hissi
·         Çətin sağalan yaralar
·         Ayaqlarda ağırlıq,keyimə hissi
·         Seksual sferada bəzi problemlərin olması və s.
Bundan başqa şəkərli diabetin heç bir əlaməti olmaya da bilər.I Tip diabetli xəstələrdə bu əlamətlər şiddətli və birdən-birə başlayır,pasientlər koma halına düşdükdən sonra xəstəlikləri məlum olur. Ancaq II Tip diabetdə şikayətlər daha az diqqətə çarpır və xəstəliyin başlanğıcı zəif gedişli olur. Buna görə də II tip diabetin diaqnozu ümumiyyətlə gec qoyulur.Gizli diabeti olan və ya pozulmuş qlükoza toleransı dediyimiz insanlarda yeməkdən öncə əsmə,tərləmə,ürəkdöyünmə kimi şikayətlər də ola bilər.
Şəkərli diabet xəstəliyinin diaqnostikası: Diabet diaqnozu ÜST (WHO)-Ümumdünya səhiyyə təşkilatı, ADA- Amerika Diabet Assosiasiyası kimi dünyada qəbul olunmuş qurumların təklif etdiyi ölçülərə görə qoyulmaqdadır. Bunun üçün bəzən alınan tək bir qan nümunəsi kifayət etdiyi halda bəzən xüsusi analizlərə ehtiyac yaranır. Məsələn, qlikohemoqlobin, toxluq qan şəkəri, qlükozaya tolerantlıq testi və s. Qəbul olunmuş normalara görə qan şəkəri acqarına venadan götürülmüş qan plazmasında 126 mq/dl və ya yeməkdən 2 saat sonra,eyni zamanda klinikada apardığımız qlükozaya qarşı tolerantlıq testi zamanı hər hansı saatda qan şəkəri 200 mq/dl və ya bu rəqəmlərdən yüksəkdə qeyd olunursa artıq şəkərli diabet xəstəliyi təsdiq olunur. Adekvat müalicə aparmaq üçün xəstələrin qarın boşluğu orqanlarının ultrasonoqrafiyası, xüsusən, mədəaltı vəz və qalxanabənzər vəzin müayinəsi, ürək, göz müayinələri, böyrək testləri aparılmalıdir, tam diaqnoz və yanaşı xəstəliklər dəqiqləşdirildikdən sonra uyğun müalicə seçilməlidir.
Diabetin müalicəsi: Ümumiyyətlə,şəkərli diabetin diaqnostika və müalicəsi xüsusi təlimat, konsepsus və klinik protokolllara əsasən aparılır. Optimal qlisemik kontrol,yəni qan şəkərini normal hədlərdə saxlamaq şəkərli diabetin müalicəsində əsas məqsəddir. Yəni, müalicə qan şəkərindəki yüksəlmə və azalmaların qarşısını almaq, daha doğrusu idarə etməkdir.Şəkərli diabeti tam sağaltmaq mümkun olmasada, optimal qlisemik kontrolu əldə saxlamaqla,uyğun dərmanlar, idman və pəhrizlə xəstələr aktiv və sağlam bir həyatı davam etdirə, xəstəliklə əlaqədar ağırlaşmaların qarşısı ala bilərlər. Əgər diabetin müalicəsi düzgün aparılmırsa,xəstələrdə gec-tez ürək-damar, göz, böyrək, sinir sistemi tərəfindən və s.ağırlaşmalar gələcəkdir.Belə vəziyyətlərdə başqa sahə mütəxəssislərinin yanaşı xəstəliklər üçün apardığı müalicə belə qənaətbəxş olmur. Hər diabet xəstəsinin qlükometr dediyimiz şəkəri qanda express təyin edən keyfiyyətli aləti olmalıdır. Qan şəkərini xəstəliyin tipindən,ağırlığından asılı olaraq həkim dediyi qaydada ölçüb qeyd etmək lazımdır. Əsasən pasientlərə qan şəkərini gün ərzində 3 dəfə (səhər, günorta, axşam –ana yeməklərdən qabaq, təxminən saat 08.00: 13.00: 19.00 ) ölçməyi məsləhət bilirik. Bu qeydlərə əsasən müalicədə dəyişiklik edilir,məsləhətlər veririk.Şəkərli diabetin müalicəsində bir-birinə bağlı üç ana sütun var: pəhriz müalicəsi--- Həyatda şəkər xəstəliyi qədər dietaya sıx bağlı ikinci xəstəlik yoxdur.Mütləq şəkər xəstələrinə uyğun dieta tədbiq edilməlidir. Xəstə pəhriz gözləmirsə,aparılan heç bir müalicə qənaətbəxş hesab edilə bilməz.Pəhriz xəstənin çəkisi,bədən kütlə indeksi nəzərə alınmaqla verilməlidir.Ümumiyyətlə,insulin alan xəstələrimiz mütləq sutka ərzində altı dəfə 3 ana,3 ara öyün qidalanmalıdırlar.Diabet xəstəsinin uzunmüddət ac qalması yolverilməzdir. Idman müalicəsi---fiziki fəallıq,hərəkət insulin təsirini artırır, yağ toxumasını azaldır,periferik toxumaların insulinə həssaslığını artırır,beləcə dərmana olan təlabat azalır və pasientərin əhvalı yaxşılaşır,özünə inam hissi yüksəlir. Dərman müalicəsi--bu insulin və ya qan təhlilləri və xəsələrə uyğun individual təyin edilən tabletlərdir. I Tip diabetli insanlar dərman olaraq mütləq insulindən istifadə etmək məcburiyyətindədirlər. Bu xəstələrin vəziyyətdən asılı olaraq gündə 3- 4 dəfə insulinə ehtiyacları ola bilər. Müasir təbabətdə rahat istifadə oluna biləcək insulin qələmləri istifadə olunur. II Tip diabetli pasientlər , qan şəkərlərini salmaq üçün tabletlərdən daha çox fayda görürlər. Ancaq bu cür xəstələrin də yeri gəldikcə insulin ilə müalicə edilmələri lazım gələ bilər.     Qlikohemoqlobin (HbA1C )dediyimiz göstərici optimal qlisemik kontrolun qızıl standartıdır.3 ay ara ilə bu göstəricini və digər testlərə(qaraciyər, böyrək testləri,lipid profili,sutkalıq sidikdə mikroalbuminuriya testi və s.)göstərişə uyğun baxılması məsləhətdir.6 aydan bir diabetli pasientlər rutin olaraq kardioloji və göz müayinələri edilməlidir. Diabeti həyat tərzi olaraq qəbul edən,vaxtında kontrollara gələn xəstələr çox sağlam və aktiv bir həyat sürə bilərlər.
 Diabetlə əlaqədar inkişaf edən ağırlaşmalar: Diabet nəticəsində ortaya çıxan ağırlaşmalar,ümumiyyətlə,şəkərin miqdarına yaxşı nəzarət olunmayan xəstələrdə rast gəlinir. Bu arzuolunmaz vəziyyətlərin profilaktikası erkən diaqnoz və adekvat müalicə metodları vasitəsi ilə mümkündür. Ən çox rast gəlinənağırlaşmalar:
·         Şəkərin azalması nəticəsində meydana gələn koma
·         Şəkərin artması nəticəsində meydana çıxan komalar
·         Sürətlə inkişaf edən və müalicəyə qarşı rezistent olan infeksiyalar
·         Göz xəstəlikləri(retinopatiyalar)
·         Böyrək pozğunluqları(nefropatiyalar)
·         Damar xəstəlikləri(makro-,mikroangiopatiyalar)
·         Sinir sistemi pozğunluqları(neyropatiyalar)
·         Diabetli xəstələrimizə məsləhətlərim :
o   Diabetdən şübhələnirsinizsə,nəslinizdə diabet xəstələri varsa və ya olmuşsa , qan şəkərinizi yoxlatdırın və ya chek-up müayinələrdən keçin.
o   Diabet diaqnozu təsdiq olunmuşdursa təklif edilən müalicə üsullarını (dərman və ya insulin) və dietanı dəqiq bir şəkildə tətbiq edin
o   Dərmanlarınızı həkiminizdən soruşmadan dəyişməyin və ya kəsməyin
o   Nizamlı şəkildə qandakı şəkərinizi yoxlayın və qeyd edin.
o   Altı ay fasilə ilə kardioloq müayinəsində olun
o   Ən geci ildə bir dəfə gözünüzü müayinə etdirin
o   Fiziki fəallığı unutmayın
o   Əgər nəfəsalmanızda problem varsa,öskürürsünüzsə,mütləq döş qəfəsinin rentgen müayinəsi olunun,çünki kontrolsuz diabet ağciyər vərəminin inkişafına səbəb olur.Peyvənd edilməsinə əks-göstəriş yoxdursa hər il qış  aylarında qrip peyvəndi olunun.
o   Türkəçarə müalicələr(fitoterapiya və s.)və ya müasir elmi standartlara istinad olunmadan aparılan müalicələrlə qiymətli vaxtınızı itirməyin,qan şəkərinizi acqarına və toxqarına ölçun , qeydlərinizi həkiminizə göstərin.
o   Müntəzəm şəkildə diş həkiminə gedərək müayinə olunun. Xüsusilə, diş ətlərində iltihab olan şəkər xəstələri çox diqqətli olmalıdırlar.
o   Ayaq baxımı diabet xəstələrində çox ciddi və incə yanaşma tələb edən məsələdir. Hər gün ilıq sabunlu su ilə yuyun və sonra qurulayın.Dırnaqlarınızı uzun və düz kəsin,çalışın zədələməyin,pambıq corab, evdə tərlik, ortopedik ayaqqabı geyinin,ayaqlarınıza krem çəkin,sıyrıntı,yara,çat görsəniz dərhal həkimə müraciət edin.Diabetik pəncə problemi vaxtında aşkar və düzgün müalicə edilərsə tam həllolunan məsələdir.
 
Şəkərli diabetin müalicəsi,son olaraq yuxarıda göstərilən şərtlərə əməl edən,xəstəliyinə biganə yanaşmayan,bu xəstəliyi və ağırlaşmaları şüurlu surətdə anlayaraq yalnız mütəxəssis həkim-endokrinoloq nəzarəti və kontrolu altında etdirən şəxslərdə uğurlu ola bilər.
 
Həkim endokrinoloq Dr. Hidayət Məmmədzadə
                                         (050) 397-18-18

ATLAS TİBB MƏRKƏZİ

Baki şəhəri, Xətai prospekti 15
Tel: (+99412) 496 96 06 / 07 / 08
Faks: (+99412) 496 96 10
E-mail: info@atlasmed.az